İslamda ticarətin yeri nədir?

- İslamda ticarətin yeri nədir?


Cavab: İslamda ticarət məqbul sayılmışdır. Ticarətin əsası alqı-satqıya və sərmayə riskinə əsaslanır. Allah Təala belə buyurur: “Ey iman gətirənlər! Aranızda qarşılıqlı razılıqla edilən alış-veriş istisna olmaqla, mallarınızı aranızda batil yolla (haqsızlıqla və haram yolla) yeməyin və özünüzü (bir-birinizi) öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir.”[1] “Faiz yeyənlər (qəbirlərindən), şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar: “Əlbəttə, alış-veriş də faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr və (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.”[2] "Namaz qılındıqdan sonra yer üzünə yayılın və Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!" [3]


Həzrət Peyğəmbərin (s.ə.s.) ticarət və iqtisadi həyatı ilə bağlı bir çox söz, hərəkət və ya təsdiqləri var. Aşağıda bunlara bir neçə nümunə verəcəyik. Allahın Rəsuluna ən üstün qazancın hansı olduğu soruşulanda belə cavab vermişdir: “İnsanın öz əlinin əməyi və düzgün alqı-satqı.”[4] Bu da, yalan yerə and içməyən və aldatmayan alqı-satqını ifadə edir. Hədislərdə doğru tacir belə təriflənmişdir: “Sözü və əməli düzgün olan tacir, Qiyamət günü Allahın ərşinin kölgəsi altında olacaq.”[5] “Kim ki, ərzaq yığıb, həmin günün qiyməti ilə satarsa, sanki onu sədəqə vermiş kimi savab qazanır.”[6] “Ey tacir cəmiyyəti, alqı-satqıya çox vaxt boş sözlər və yalan andlar qarışdığı üçün bunu sədəqələrinizlə əvəz edin.”[7] “Dürüst, sözü və işinə etibar edilən tacir, peyğəmbərlər, siddiqlər və şəhidlərlə birlikdə olacaqdır.”[8]


Həzrət Peyğəmbər özü də şəxsən alqı-satqı etmiş, borc almış, girov qoymuş və ortaq olmuşdur. O, insanlar müxtəlif ticarət işləri görərkən peyğəmbər olmuş və onları ticarətdən çəkindirməmiş, əksinə ruzinin onda doqquz hissəsinin ticarətdə olduğunu bildirmişdir. Lakin ticarət həyatında haqsız qazanca yol aça bilən faiz, inhisarçılıq, yalan, fırıldaq, aldatma və qeyri-müəyyənlik kimi şeylər qadağan olunmuş, haqlı olanın haqqını ala bildiyi və haqsızlıq etmək istəyənlərin kənarlaşdırıldığı bir iqtisadi sistem hədəflənmişdir.


Sağlam bir ticarət üçün tacir və satıcı öz sahəsi ilə bağlı bilikləri əldə etməli və ya daim məsləhət alacağı bir mütəxəssis yaxınında olmalıdır. Həzrət Ömərin xəlifə olarkən belə bir məlumatlandırma kampaniyasına başladığı müşahidə olunur. Onun bütün rəhbərlərə göndərdiyi ilk ticarət təlimatı belədir: “İslamın qaydalarına görə, öz ticarəti ilə bağlı hökmləri bilməyən şəxs bizim bazarlarımızda alqı-satqı etməsin. Çünki bilməməzlik üzündən faizə düşə bilər.”[9]


[1] Nisa, 4/29.
[2] Bəqərə, 2/275.
[3] Cümə, 62/10-11.
[4] Əhməd İbn Hənbəl, III, 466, IV, 141.
[5] ibn Macə, Ticarət, 1.
[6] ibn Macə, Ruhun, 16.
[7] Əbu Davud, Büyü’, 1.
[8] Tirmizi, Büyü’, 4; ibn Macə, Ticarət, 1; Darimi, Buyü’, 8.
[9] Tirmizi, Vitr, 21.


Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın /  Baskı Tarihi: İstanbul / 2016