Şirkət və onun növləri

Quran və Sünnədə “şəriklik” mövzusunu tənzimləyən olduqca məhdud məlumat vardır. Bir ayədə şərikliklərin ən zəif cəhətinə belə diqqət cəlb edilir: “Doğrudan da, şəriklərin çoxu birbirinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar”. [1] 

Bir qüdsi hədisdə belə buyurulur: “Allah buyurur ki, iki şərikdən biri digərinə xainlik etmədikcə, mən onların üçüncüsüyəm. Onlardan biri digərinə xəyanət edərsə, mən aralarından çəkilərəm.” [2] 

İnsanlar İslamdan əvvəl də bir-biri ilə şərikli işlər görərdilər. Belə ki, Hz. Peyğəmbər də cavanlıqda Hz. Xədicə ilə şərikli ticarət etmiş, bu işdəki dürüstlük və müvəffəqiyyəti evlilik həyatı qurmalarına səbəb olmuşdur. Hədisdə belə buyurulur: “Hz. Mühəmməd peyğəmbər olaraq göndərildikdə, insanlar şəriklik müqaviləsi edirdilər. O, onları təsdiq etdi”.[3] “Şirkətdə qazancın bölüşdürülməsi şəriklərin müəyyən etdiyi şərtlərə görədir. Zərər isə qoyduqları sərmayə nisbətlərinə görədir”. [4]

Şirkət ortaqlarının müəyyən edib təsdiqlədiklərinə, İslami hökmlərlə zidd düşməyən əsas müqavilə şərtlərinə görə idarə edənlər və şəriklər riayət etməlidirlər. Çünki möminin verdiyi sözə və bağladığı müqavilələrə, tərəf müqabili pozmadığı müddətcə riayət etmək məcburiyyətindədir. “Ey iman gətirənlər! Əhdlərə sadiq olun”, [5] “Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir”[6] ayələri, məhz bu anlayışı vurğulayır. Hz. Peyğəmbərin hədisi də bu mövzudakı ümumi prinsipi müəyyən edir: “Müsəlmanlar öz aralarında müəyyən etdikləri şərtlərə riayət edərlər. Lakin haramı halal, halalı haram edən şərt bundan istisnadır”. [7] 

İslamda şirkətlər ümumiyyətlə mülk və əqd şirkəti olmaqla iki qisimdir. Mülk şirkəti, miras, bağışlama və vəsiyyət kimi yolla, birdən çox şəxslərin bir mala ortaq olmasıdır. Burada hər bir şərik digərinin izni olmadan şərikli maldan istifadə edə bilməz.


[1] Sad, 38/24.
[2] Əbu Davud, Büyu, 26
[3] Əbu Davud, Büyu, 35; Əhməd İbn Hənbəl, III, 367
[4] Zeyləi, “Nəsbür-rayə”, III, 475.
[5] Maidə, 5/1.
[6] İsra, 17/34.
[7] Buxari, İcarə, 14; Tirmizi, Əhkam, 17. Axırıncı cümlə yalnız Tirmizidəki rəvayətdə qeyd olunur.


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014 

Müzaribə zamanı zərərin təmin edilməsi