Vəkalət müqaviləsi

İslam hüququnda tərəflərin bağladığı saziş nəticəsində qanuni təmsilçilik mənasına gələn vəkalət termini “bir şəxsin özünün də edə biləcəyi hüquqi münasibət üçün başqasına səlahiyyət verməsi”dir. Beləliklə də, vəkalət alan digər tərəfin, yəni vəkalət verənin adından və onun hesabına müəyyən hüquqi hərəkətləri etməyi öz öhdəsinə götürür. Səlahiyyət verilənə “vəkil”, bu səlahiyyəti verən, yəni təmsil olunana “müvəkkil”, səlahiyyət verməyə də “təvkil” adı verilir.

İslam dini sosial həyatda və insanlararası münasibətlərdə asanlıq, şəffaflıq və etimad prin siplərini əsas aldığı üçün, müəyyən ehtiyacların qarşılanması məqsədilə hər bir dövr və cəmiyyətdə mövcud olan vəkalət anlayışını davam etdirmiş və İslam hüquqşünasları da sistemli şəkildə həyata keçirilməsi üçün bu mövzu ilə bağlı geniş hökmlər ortaya qoymuşlar. Bununla da tərəflərin aldanması, ziyana məruz qalması və digər mənfiliklərin qarşısını maksimum dərəcədə almağa çalışmışlar. 

Digər müqavilələr kimi, vəkalət müqaviləsinin də rükn, yəni bağlanması üçün ünsürü təklif və qəbuldan ibarətdir. Bundan əlavə, tərəflər əhliyyətli olmalı, vəkalət müqaviləsinin predmeti qanuna (dinə) zidd olmamalı, qeyri-müəyyən olmamalı və vəkalətlə yerinə yetirməsi mümkün olan işlərdən olmalıdır. 

Vəkalət müqaviləsi hər iki tərəf baxımından da bağlayıcı olmayan (qeyri-lazım olan) bir əqd olduğundan, vəkil və ya müvəkkil istənilən vaxt bu müqaviləni pozma hüququna malikdir. Bununla yanaşı, əgər vəkalət müqaviləsi pul müqabilində bağlanmışsa, öhdəyə götürülən işin yerinə ye tirilmə məsuliyyəti vardır. Vəkalətin vəzifə və səlahiyyətinin əhatəsini tərəflər müəyyənləşdirir. Onu da qeyd etmək lazımdır ki, bədənlə yerinə yetirilməli olan ibadətlər, şahidllik və cəzanın tətbiqi kimi insanın öz şəxsi ilə əlaqədar olan hüquq və vəzifələrində vəkalət caiz deyil. 

Vəkalət müqaviləsi tərəflərdən birinin ölümü və ya əhliyyətini itirməsi, müvəkkilin vəkilinin işinə son qoyması, vəkilin vəkaləti tərk etməsi və ya vəkalət predmeti olan işin yerinə yetirilməsi ilə sözügedən müqaviləyə xitam verilmiş olur.[1]


[1] Heyet, “İlmihal”, DİA, II, 405-406 


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014 

Hibə (bağışlama) müqaviləsi