Vədiə müqaviləsi

Fiqh terminologiyasında “vədiə” bir malın mühafizə edilməsi üçün bir şəxsə əmanət edilməsi ilə əlaqədar bağlanan müqavilə növüdür. İslam hüququnda vədiə müqaviləsi tərəflərin təklif və qəbul etməsi ilə, yəni bir-birinə uyğun qarşılıqlı iradə ifadəsi ilə bağlanan və bağlayıcı olmayan bir əqddir. Digər əqdlərdə olduğu kimi vədiə müqaviləsində də tərəflərin əhliyyətli olması, eləcə də əmanət qoyulan malın müqavilənin predmeti olmağa yararlı olması şərtdir. Prinsip etibarilə əmanət qoyulan şəxs etibarlı hesab olunur və pis niyyətli olmadığı, eləcə də əmanət olaraq qoyulan malın mühafizəsində kifayət qədər dəqiqlik göstərdiyi müddətcə həmin mala dəyən ziyandan məsul deyil. Əks təqdirdə, etibardan düşür və dəyən ziyanı ödəməklə bağlı məsuliyyət daşıyır. Yəni, əmanət qoyan qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. Çünki əmanət müqaviləsi bağlayanın əsas vəzifəsi həmin əşyanı adət-ənənəyə müvafiq və öz malını qoruduğu kimi qorumaqdır. Bundan əlavə, əmanət qoyulan malın yiyəsinin icazəsi və məlumatı olmadan istifadə edilməsi düzgün deyil. Hz. Peyğəmbər (s.ə.s) münafiqliyin ən əsas üç əlamətindən birinin “əmanətə xəyanət etmək” olduğunu vurğulamışdır.[1]

Odur ki, əmanət müqaviləsi bağlayan şəxsin xəyanəti, qəsd-qərəzliyi, adət-ənənəyə və əmanət qoyanın razılığına zidd olan davranışı həm dini, həm də hüquqi baxımdan təzminatı gərəkdirir. Bundan əlavə, əmanət müqaviləsi pul müqabilində bağlandığı təqdirdə, əqd ikitərəfli və əvəzli müqavilə olduğu üçün təzminat məsuliyyəti daha da artmış olur. Belə olan halda, alınmalı olan lazımi tədbir alınmaması və ya uzaq durulması mümkün olan bir səbəb nəticəsində əşyaya dəyən ziyan ödənməlidir.[2]


[1] Hədisin tam mətni üçün bax. Buxari, İman, 24; Müslim, İman, 10
[2] Heyet, “İlmihal”, DİA, II, 401-402.


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014 

Rəhn (girov) müqaviləsi