İslam hüquq terminologiyasında rəhn “bir malı, alınması mümkün olan bir haqq müqabilində saxlamaq” mənasına gəlir.[1] Yəni, bir borcu təminat altına almaq üçün saxlanılan maldır. Girov verənə “rahin”, saxlayana “mürtəhin”, girov predmetinə də “mərhun” və ya “rəhin” deyilir.[2] Girov hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.[3]
Qurani-Kərimdə rəhnlə bağlı belə buyurulur: “Səfərdə olub katib tapmasanız, girov saxlayın”. [41] Bundan başqa, Ənəsdən rəvayət edildiyinə görə, Hz. Peyğəmbər (s.ə.s) vəfat edəndə onun zirehi ailəsi üçün azuqə olaraq aldığı 30 vəsq[5] arpa müqabilində bir yəhudinin yanında girov qalmışdır.[6]
Bir borcun borcludan vaxtında almağın təbii yolu, borcun müəyyən olunan vaxtda ödənməsidir. Lakin borc bəzən müəyyən edilən vaxtda ödənmir. Ona görə də, borc verən bu kimi halların meydana gəlməməsi üçün verdiyi borcu iki şəkildə təminat altına ala bilər: bunlardan biri əşya, digəri isə şəxslə edilən təminatdır. Kəfalə və həvalə şəxslə, rəhn isə əşya ilə bağlı təminatdır. Zəmanəmizdə şəxslə bağlı edilən təminatlar qiymətini itirdiyi üçün, əşya ilə edilən təminatlar daha etibarlı hala gəlmişdir. Bundan əlavə, girov müqaviləsinin borcluya da faydası vardır. Çünki o, qoyduğu girov sayəsində nisyə mal almaq, borc pul götürmək surətilə iqtisadi fəaliyyətini nizamlı bir şəkildə davam etdirir və ehtiyaclarını qarşılayır.[7]
İslam hüquqşünaslarına görə, girov müqaviləsi digər müqavilələr kimi, təklif və qəbul ilə bağlanır. Ancaq girov müqaviləsindən əlavə bir də girov qoyulan mal təhvil alınmalıdır. Ona görə də, girov qoyan girov predmetini verməzdən əvvəl bu müqavilədən imtina edə bilər. Girov qoyan şəxs öz mülkiyyətində olan bir malı verə biləcəyi kimi, sahibinin icazəsi ilə başqasının malını da girov qoya bilər. Bundan əlavə, girov predmeti satış üçün münasib olmalıdır. Çünki borc ödənmədiyi təqdirdə, borc verən girov qoyulan əşyanı satdıraraq borcunu oradan təmin edir. Həmçinin, girov qoyulacaq malın müqavilə zamanı mövcud olması şərtdir. Mövcud olmayan bir şeyin verilməsi mümkün olmadığı üçün girov müqaviləsinin predmeti də ola bilməz. O cümlədən girov müqaviləsinin predmeti müəyyən olmalı və təhvil verilməyə əlverişli olmalıdır. Qeyd edilən bütün şərtləri İslam hüquqşünasları tərəflər arasında meydana gələ biləcək mübahisələri minimuma endirmək məqsədilə ortaya qoymuş və tərəflərin zərər çəkməmələri əsas meyar kimi qəbul etmişlər.[8]
Klassik fiqh ədəbiyyatında daşınmaz əşyanın girov qoyulması qeyri-mümkün olduğu üçün girov predmeti olmadığı rəyi irəli sürülmüşdür. Ancaq daha sonrakı dövrlərdə daşınmaz əmlakın sənədləşdirilərək çıxarışının əldə edilməsi kimi imkanlar ortaya çıxdıqdan sonra ipoteka qoymaq məsələsi də gündəliyə gəlmiş və caiz hesab olunmuşdur.
Onu da qeyd etmək lazımdır ki, girov qoyulan əşya girov saxlayan tərəfindən icazə verilmədikcə istifadə oluna bilməz. Bundan əlavə, borclunun borcunu ödəməməsi, iflası, ölümü, itkin düşməsi və digər oxşar hallarda girov saxlayan girov qoyulan malın satılmasını və alacağının oradan ödənməsini tələb etmək hüququna malikdir.[9]
[1] Məcəllə, 701-ci maddə.
[2] Hamdi Döndüren, “Delilleriyle Ticaret ve İktisat
İlmihali”, Erkam yayınları, İstanbul 1993, s. 520.
[3] Bax. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 269.1-
ci maddə.
[4] Bəqərə, 2/283.
[5] 1 vəsq təqribən 200 kq-dır
[6] Buxari, Məğazi, 86; Tirmizi, Büyu, 7; Nəsai, Büyu, 58.
[7] Heyet, “İlmihal”, DİA, II, 398-399.
[8] Heyet, “İlmihal”, DİA, II, 399.
[9] Heyet, “İlmihal”, DİA, II, 401.
Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014