Dini terminologiyada “geri vermək şərtilə birinə verilən borc” qərz termini ilə ifadə olunur. Qurani-Kərimdə “qərz” kəlməsi daha çox “Allahın razılığına nail olmaq məqsədilə ehtiyac sahiblərinə borc vermək və sırf Allah üçün yoxsullara qarşılıqsız edilən yardım” mənasında istifadə olunmuşdur.[1]
Qarşılıqsız yardım məqsədilə ehtiyacı olanlara borc vermək də fəzilətli bir davranış hesab olunmuşdur. Hz. Peyğəmbərimiz (s.ə.s) verilən bir sədəqənin on qat, xoşniyyətlə verilən bir borcun isə on səkkiz qat savab qazandırdığını vurğulamışdır.[2] Həmçinin, darda olan bir insana borc verən müsəlmanın borcun qaytarılan günə qədər hər gün savab yazıldığını, qaytarmaq vaxtı çatsa da, ona möhlət verdiyi təqdirdə, həmin miqdar və ya həmin miqdardan iki qat çox savab yazıldığını müjdələyən hədislər də vardır.[3]
Odur ki, Hz. Peyğəmbər (s.ə.s) borc vermənin səmimi-qəlbdən edilən bir xeyirxahlıq olduğunu bildirmişdir. Məhz bu səbəbdən də, qaytarılarkən qarşılığında hər hansı ziyadənin şərt qoşulmasını qətiyyətlə qadağan etmişdir.[4]
[1] Bax. Maidə, 5/12; Hədid, 57/11, 18; Müzzəmmil, 73/20.
[2] Bax. İbn Macə, Sədəqat, 19.
[3] Bax. İbn Macə, Sədəqat, 14.
[4] Bax. Müslim, Zəkat, 73; Tirmizi, Birr, 37
Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014