Əqdin bağlanması və nəticələrini meydana gətirə bilməsi üçün bir sıra ünsür və şərtlərin mövcud olmasına ehtiyac var.[1] Bir əqdin bağlanması üçün tələb olunan ünsürlər (rüknlər) ilə əlaqədar olaraq hənəfilərlə digər məzhəblər arasında fikir ayrılığı vardır. Belə ki, hənəfilərə görə, əqdin ünsürü ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi mənasına gələn təklif (icab) və qəbuldan ibarətdir. Təklif və qəbul ilə əqdin bağlana bilməsi üçün tərəflərin əhliyyətli və əqdin predmetinin mövcud olması şərtdir. Ünsür və ya bununla bağlı şərtlər mövcud olmadığı təqdirdə, əqd batil, yəni tamamilə etibarsız olur və mülki hüquq münasibəti əmələ gəlmiş sayılmır. Beləliklə də, heç bir hüquqi nəticə meydana gəlmir.[2] Yəni, hənəfi hüquqşünaslarına görə, təklif və qəbul qaçınılmaz olaraq əqdin tərəflərini və predmetini gərəkdirir. Ancaq bunların ünsür olaraq bir daha müəyyən edilməsinə ehtiyac yoxdur.[3]
Digər məzhəblərə görə isə, təklif və qəbul, tərəflər, predmet və digər şərtlər də bütövlükdə əqdin ünsürləridir. Bütün bunlarda və digər şərtlərdə hər hansı nöqsanlıq olarsa, əqd batil (tamamilə etibarsız) olur. Beləcə, sözügedən məzhəblər bütlan anlayışından yola çıxaraq buna səbəb olan hər bir şeyi ünsür hesab edərkən, hənəfilər daha dəqiq yanaşma ilə əqd məfhumundan yola çıxaraq təklif və qəbulu ünsür (rükn), tərəflər və predmeti isə əqdin bağlanması ilə bağlı şərti, digər xüsusiyyətləri isə əqdin etibarlılığı (səhhəti) üçün şərtlər olduğu nəticəsinə gəlmişlər.
Onu da vurğulamaq lazımdır ki, İslam hüquqşünasları sözügedən şərtlərin əqdin bağlanmasında oynadığı rolun əhəmiyyət dərəcəsi ilə bağlı fərqli rəylər irəli sürmüşlər. Yəni, sözügedən şərtlərdən hər birinin nöqsanlığının əqdə təsiri baxımından müxtəlif fikirlər bildirmişlər. Belə ki, onların əksəriyyətinə görə, prinsip etibarilə əqd “meydana gəlmə/iniqad”, “etibarlılıq/səhhət” və “dərhal həyata keçmə/nəfaz” baxımından eyni qəbul edilmiş və əqdlə bağlı tələb olunan bütün şərtlərə eyni dərəcədə əhəmiyyət verilmişdir. Hənəfi hüquqşünasları isə, əqdin bağlanıb nəticələrini meydana gətirməsini bir neçə mərhələdə işləmiş və hər bir mərhələ üçün əhəmiyyət dərəcəsinə müvafiq olaraq müxtəlif şərtlər irəli sürmüşlər.
Həmin mərhələlərə ardıcıl olaraq “meydana gəlmə/iniqad”, “etibarlılıq/səhhət”, “dərhal həyata keçmə/ nəfaz” və “bağlayıcılıq/lüzum” adlarını vermişlər. Əqdin etibarsızlığı da eynilə sözügedən mərhələlər çərçivəsində qiymətləndirilmişdir. Onlara görə, iniqad/meydana gəlmə şərtlərindən hər hansı birində naqislik olan əqd “batil”, səhhət/etibarlılıq şərtlərindən hər hansı birində olan naqislik səbəbilə “fasid” və nəfaz/dərhal həyata keçmə şərtlərindən birində nöqsanlıq olan əqd “mövquf” olur, yəni valideyn və ya qəyyumun icazəsini gözləyir. Əqdin bağlayıcı olması, yəni hər iki tərəfə də öhdəlik yükləyən və istənilən zaman pozulması mümkün olmayan bir əqd olması onun bağlanmasında və nəticələrinin əmələ gətirməsində bilavasitə təsirli olmadığı üçün etibarsızlığın əhatəsi daxilində hesab olunmamışdır.[4]
Yuxarıda qeyd edilən ümumi məlumatdan sonra sözügedən ünsür və şərtlər, onların mahiyyəti və lazımi xüsusiyyətlərini aşağıdakı kimi izah etmək olar:
1. Təklif (icab) və qəbul:
Təklif və qəbul iki tərəfli və ya çoxtərəfli iradə ifadəsindən iba rətdir. Qurani-Kərim əqdin qarşılıqlı razılıq əsasına söykənməsinin vacibliyini vurğulayır.[5] Razılıq psixoloji bir hal olduğu üçün bunu xaricə çıxaran obyektiv bir əlamətə ehtiyac vardır. Məhz həmin əlamət təklif və qəbul vasitəsilə ifadə edilən iradədir. Ümumiyyətlə, əqd məqsədini da şıyan hər bir söz, yazı və hərəkət iradə ifadəsi ola raq qəbul edilmişdir. Hər iki tərəfin də iradə ifadəsi qarşı tərəfdən eşidilməli, anlaşılması və birbirinə müvafiq olaraq ortaya qoyulmalıdır. Təklif ilə qəbulun qarşılıqlı razılığa dəlalət edə bilməsi üçün bir-birinə uyğun və eyni məclisdə olması məsələsi üstündə dayanılmışdır. Belə ki, hənəfilər və malikilərə görə, “əqd məclisi” əqdin bağlanması ilə əlaqədar olan hərəkətlər toplusudur. Təklif ilə başlayır, qəbul ilə sona çatır. Digər müctəhidlərə görə isə, “əqd məclisi” məfhumu fizikidir, əqdin bağlandığı yer və əqd bağlayanların fiziki varlığı ilə əlaqədardır. Təklif və qəbuldan sonra başlayır, tərəflərin bir-birindən ayrılmaları, yəni məclisi tərk etmələrinə qədər davam edir. Birinci ictihada görə, əqd qəbul ilə qətiləşərkən, digər ictihada görə, əqd məclisi sona çatana qədər tərəflərin birtərəfli iradə ilə əqddən vaz keçmə hüququ vardır.[6]
Əqd məclisi ilə bağlı üç əsas termin vardır. Bunlar xiyarül-qəbul (qəbul sərbəstliyi), xiyarürrücu (vaz keçmə, imtina etmə sərbəstliyi), xiyarülməclis (məclis sərbsətliyi).
Qəbul sərbəstliyi: əqd məclisində tərəflərdən birinin irəli sürdüyü təklifi qarşı tərəfin qəbul edibetməməsinə (sərbəstliyinə, hüququna) “xiyarülqəbul” deyilir. Əqd məclisi davam etdiyi müddətdə davam edən qəbul sərbəstliyi qarşı tərəfə düşünmə fürsəti verir.
Vaz keçmə sərbəstliyi: təklif irəli sürən tərəfin qarşı tərəfin qəbul etməsindən əvvəl öz təklifindən imtina etmə sərbəstliyidir.
Məclis sərbəstliyi: müqavilənin bağlandığı məclisdə tərəflərin bir-birindən ayrılmadığı müddətdə hər iki tərəfə də imtina etmə hüququ verən bir termindir.[7]
2. Tərəflər:
Əqdin tərəfləri bir-biri ilə əqd bağlayan fiziki və hüquqi şəxslərdir.[8] Əqdin etibarlı olması üçün tərəflər hüquqi baxımından əhliyyətli olmalıdırlar. Belə ki, yaşın kiçik olması, ruhi xəstəlik, əqli zəiflik və sərxoşluq kimi səbəblərdən təmyiz (yaxşı ilə pisi ayırd etmə) iqtidarından məhrum olanların iradə ifadələri etibarsızdır.[9]
3. Əqdin predmeti
İslam hüquqşünasları tərəfindən əqdin əsas ünsürlərindən biri olan əqdin predmetinə “məhəllül-əqd”, ya da “əl-məqud-əleyh” adı verilmişdir. Fiqh terminologiyasında əqdin predmeti mü qavilənin üzərində bağlandığı əşya, mənfəət və ya işdir. Müqavilənin mövzusu olan əşya (mal) hüquqi baxımdan etibarlı, mövcud, müəyyən edilmiş və əqdin predmeti olmağa əlverişli olmalıdır.[10] Əqdin predmeti müqavilənin növünə görə müxtəlif tərkib və mahiyyətdə ola bilər. Belə ki, alğı-satqı və girov kimi bəzi əvəzli əqdlərdə əqdin predmeti “əşya” ikən; kirayə, ariyət (əvəzsiz istifadəyə vermə) kimi əqdlərdə “əşyanın mənfəəti”; təsərrüfat şərikliyi və digər əmək müqavilələrində “xidmət, iş, əmək” əqdin predmetidir.[11]
[1] Heyet, “İslam İlmihali”, DİA, II, 344.
[2] Karaman, “Akid”, DİA, II, 253.
[3] Aydın, “Hukuk Tarihi”, s. 409.
[4] Heyet, “İlmihal”, DİA, II, 347.
[5] Bax. Nisa, 4/29.
[6] Karaman, “Akid”, DİA, II, 253.
[7] Karaman, “Anahatlarıyla İslam Hukuku”, III, 53-54.
[8] Heyet, “İslam İlmihali”, DİA, II, 344.
[9] Karaman, “Akid”, DİA, II, 253.
[10] Geniş məlumat üçün bax. Karaman, “Anahatlarıyla İslam
Hukuku”, III, 77-89.
[11] Heyet, “İlmihal”, DİA, II, 345.
Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014