Müqavilələr müxtəlif formalarda sona çatır. Ən çox rastlanan forma isə, tərəflərdən hər birinin bağlanan müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməsidir. Ünsür və şərtlərindəki hər hansı bir nöqsanlıqdan ötrü müqavilənin batil və ya fasid qəbul edilərək sona çatması da mümkündür. Lakin burada müqavilənin sona çatması məsələsi tamamilə başqadır. Belə ki, burada nəzərdə tutulan, əsasən, bağlanan müqavilə tam formada yerinə yetirilmədən qarşılıqlı razılıqla tərəflərin müqaviləyə son qoyması və ya bağlayıcı olmayan bir müqaviləni pozma hüququ olan tərəfdən fəsx (ləğv) edilməsi, yaxud reallaşması qeyri-mümkün olan bir müqavilənin aradan qalxmasıdır.
Odur ki, etibarlı olaraq bağlanmış, lakin tam olaraq yerinə yetirilməmiş bir müqavilənin qarşılıqlı razılıqla pozulmasına “iqalə” deyilir. İqalə yolu ilə müqavilənin pozula bilməsi tərəflərin qarşılıqlı təklif və qəbul etmələri ilə mümkündür.
Bundan əlavə müqavilənin fəsx yolu ilə pozulması ya əqdin birtərəfli və ya ikitərəfli olaraq bağlayıcı olmamasından, yaxud görmə, nöqsanlıq, hiylə, qəbn, vəsf müxəyyərliklərindən irəli gəlir. Eyni zamanda bəzi müqavilələrdə tərəflərdən birinin ölümü müqaviləyə son qoyan səbəblərdən biri hesab olunur. Bunlardan başqa müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmə kimi hallar istisna olmaqla, əsas olaraq müqaviləyə xitam verən bir səbəb sayılmamışdır.[1]
[1] Aydın, “Hukuk Tarihi”, s. 415
Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014