Çoxluq müctəhidlərə görə, əqdlərdə əsas olan mübahlıqdır. Ayə, hədis və ya icma'da bir qadağa olmadığı müddətcə əqd etmək və ya edilən müqavilələrdə bəzi şərtlər irəli sürmək mümkün və caizdir. Bu əqd və ya şərtlərin ad olaraq nəslərdə (ayə və hədislərdə) yer alması şərt deyil. Üzərində tərəflərin razılaşdığı hər müqavilə bir əqddir. Haram edilən müqavilələr xaricində qalan bütün əqdlərə riayət edilməlidir. Bu, aşağıdakı ayələrin ümumi mənalarından aydın olur:
"Ey iman edənlər! Müqavilələri yerinə yetirin. İhramda olarkən ov etməyi halal saymamağınız şərtilə, müxtəlif heyvanlar sizə halal edildi. Lakin haram olduqları sizə bildirilənlər istisnadır." [1]
"Verdiyiniz sözü yerinə yetirin. Çünki verilən sözdə məsuliyyət var." [2]
Buna görə İslamın qadağan etmədiyi hər əqd caizdir və tərəflər bunu həyata keçirmək məcburiyyətindədir. Digər tərəfdən əqdın həyata keçirilməsi ilə bağlı qoyulacaq şərtlər də möminləri bağlayıcıdır. Həzrət Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: "Müsəlmanlar öz aralarında müəyyən etdikləri şərtlərə riayət edərlər." [3] Tirmizi və Hakim bu hədisi aşağıdakı əlavə ilə rəvayət etmişlər: "Lakin haramı halal, halalı haram edən şərt istisnadır." [4]
Bu vəziyyətə görə, şəxslər arasındakı əqdlərdə irəli sürülən şərtlərin halalı haram, haramı halal edəcək xarakterdə olmaması lazımdır. [5]
Əbu Zəhra, əqdlərdə əsas olanın mübahlıq olduğunu bildirdikdən sonra belə deyir: "Çünki əqdlərdə əsas prinsibin haramlıq olduğunu söyləyənlər və beləliklə əqd sərbəstliyini məhdudlaşdıranlar, ürf, məsləhət və istihsan kimi dəlilləri alıb, ictihad edə bilirlər. Biz bunlardan sadəcə ürf dəlilini nəzərə alsaq, əsas prinsibin mübahlıq olduğu nəticəsinə vararıq. Çünki onlara görə nəs (ayə və hədis) ilə zidd olmadıqca, ürf ilə sabit olan şey, şərən sabit edilmiş kimidir. Bunun əqdlər mövzusundakı mənası, əsasın mübah olmasıdır." [6]
Əqd növlərini yalnız ayə və hədislərdə zikr edilən çeşid və tiplərlə məhdudlaşdırmaq, bunun xaricində qalan əqd və şərtləri keçərsiz saymaq, gündəlik həyatda və xüsusilə ticarət və iqtisadi problemlərin həllində çətinliklər yaradır. Bu vəziyyət, əqd sərbəstliyindən yararlanacaq olan qeyri-müsəlmanlar lehində nəticələr doğurur. Dində asanlığı əmr edən və çətinlik olmadığını bildirən ayə və hədislər bu mövzuda zəruri elastikliyi təmin etmişdir.
Nəticədə, ayə və hədislərdə yer almamaqla birlikdə, istisna (sənətkara mal sifarişi), icareteyn (ikiqat kira), bey' bi'l-vefa (kredit qarşılığı müvəqqəti satış), bey' bi'l-istiğlal (kiralama şərtli satış) kimi əqdlər İslam toplumlarında tətbiq olunmuşdur. Günümüzdə müəlliflik hüququ müqaviləsi, bəzi öhdəlik müqavilələri, bir neçə xidmət verən böyük otellərdə qalma müqaviləsi yeni əqd tiplərinə misal göstərilə bilər.
Digər tərəfdən, Hənəfilər rükünləri tamam olub, şərtlərində əksiklik olan əqdləri fəsid dərəcəsində qəbul edərkən, çoxluq fakihlər batil ilə fəsid arasında bir fərq qoymayaraq haqqında qadağa olan əqdləri prinsip olaraq batil saymışlar. Bu mövzuda dayandıqları dəlil: "Kim bizim əmrimizə uymayan bir iş görərsə, onun bu işi rədd olunur; kim dinimizə, onda olmayan bir iş daxil edərsə, bu rədd olunur" [7] hədisidir.
1 - Əl Maidə 5/1
2 - Əl Bəqərə 2/275
3 - Buxari, İcarə 14: Əbu Davud, Əqdiyyə 12,
4 - Tirmizi, Əhkam 17, Talaq 21: İbn Macə, Əhkam 23,
5 - Hamdi Döndüren, Çağdaş Ekonomik Problemlere islami yaklaşımlar, İstanbul 1988
6 - Əbu Zəhra, el-Mulkiyyətu və Nazariyyatul - akd fiş-Şariatil-İslamiyye, Misir ty, 264 vd.
7 - Buxari, İtisam 20, Büyu 60, Sulh 5.
Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın / Baskı Tarihi: İstanbul / 2016