İslam hüququ (fiqh) terminologiyasında kəfalə “zamin duranın (kəfilin) zimmətinin (öhdəliyinin) borclunun zimmətinə birləşdirilməsidir”. Yəni, “bir şeyin öhdəliyini başqasının öhdəliyinə əlavə edə rək borc verənin ondan tələb etmə hüququna malik olmasıdır”. Beləliklə də, borc verən şəxs üçün borcun yerinə yetirilməsinə dair təminat veril miş olur.[1] Belə olan halda həmin şəxs də borclu kimi cavabdeh olur. Tərifdə qeyd edilən “bir şeyin” ifadəsi kəfalət müqaviləsindəki predmetin “şəxs və mal” olmaqla yanaşı, “hər hansı bir malın təhvil verilməsi” kimi məsələləri də əhatə edir. Belə ki, bir insanın şəxsinə zamin durmağa “nəfsə kəfalə”, bir malın borcunun ödənilməsi üçün zamin durmağa “mala kəfalə”, bir malın təhvil verilməsinə zamin durmağa “təhvilə kəfalə” adı verilmişdir. Əsil borcluya “əsil”, borcun birləşdirildiyi şəxsə isə “kəfil” deyilir.[2]
İslam dini müsəlmanların yardımlaşmalarını və bir-birinə arxa çıxmalarını, eləcə də borclunun borcunu verməsinə köməklik göstərmələrini əxlaqi və dini bir prinsip olaraq qoymuş, İslam hüququnda da bu məqsədi gerçəkləşdirmək üçün bir sıra hökmlər və müqavilə növləri ortaya qoyularaq tədbir alınmışdır. Kəfalə müqaviləsi də həm bu məqsədə xidmət edir, həm də ticarət münasibətlərində həyatın qaçınılmaz ehtiyaclarından olduğu üçün, İslam hüquq sistemində xüsusi bir müqavilə növü kimi öz yerini tutmuş və onunla bağlı təfərrüatı ilə hökmlər ortaya qoyulmuşdur. Sözügedən hökmlərin əsas məqsədi əqdlərin və digər hüquq münasibətlərinin şəffaf, etimad və bərqərarlıqla gerçəkləşməsini təmin etmək, o cümlədən haqsızlıq, zərər və gözlənməyən ziyanların qarşısını almaqdır.[3]
Kəfalət kimi gündəlik həyat və ticarət mü nasibətlərinin təbii tələbatından olan əqd növləri dini ədəbiyyatdakı ifadəsi ilə “caiz və mübah” qrupuna daxil olduqlarından Quran və Sünnədə bu məsələ ilə bağlı xüsusi hökmə təsadüf edilmir. Ancaq insanlararası borc münasibətləri barəsində qoyulan ümumi prinsiplər kəfalə kimi xüsusi borc və əqd növlərini də bilavasitə maraqlandırır.[4] Bununla yanaşı, Qurani-Kərimdə keçmiş hadisələrdən bəhs olunarkən kəfalə müqaviləsinə dolayı yolla təmas edən ayələr də vardır.[5] Bundan əlavə, Hz. Peyğəmbər (s.ə.s) zamin duranın (kəfilin) ödhəsinə götürdüyü borcu yerinə yetirməli olduğuna eyham vurmuş, [6] borclu halda vəfat edən bir səhabənin cənazə namazını qıldırmaq istəməmiş, bunun müqabilində Əbu Qətadə adlı bir səhabə həmin borcu öz boynuna götürdükdən sonra namazı qıldırmışdır.[7]
Kəfalə müqaviləsi İslam hüququnda təbərrü (bağışlama) əqdlərinə daxildir. Əbu Hənifə və İmam Məhəmmədə görə, kəfalə müqaviləsinin bağlanması üçün həm kəfilin (zamin duranın), həm də borc verənin qəbul etməsi, əksəriyyətin fikrincə isə, yalnız zamin duranın qəbul etməsi kifayətdir. İslam hüququnda əqdlərin ünsürləri, etibarlılıq şərtləri və digər şərtlər kəfalə müqaviləsində də tələb olunur. Bundan əlavə, kəfalə müqaviləsi borcun ödənməsi, saziş bağlanması və ya borc verənin bağışlaması ilə sona çatır. Mal və pul borcu ilə bağlı kəfalələrdə zamin duranın, borclunun və ya borc verənin ölməsi ilə müqavilə sona çatmayıb, borc müvafiq şəxsin vərəsələrinə keçir. Ancaq bunun istisnaları da var. Şəxslə bağlı kəfalələrdə isə zamin duranın və ya zamin durulan şəxsin ölümü ilə müqavilə sona çatmış hesab olunur.[8]
[1] Erdoğan, “Fıkıh ve Hukuk Terimleri Sözlüğü”, s. 239;
Heyet, “İlmihal”, DİA, II, 396
[2] Karaman, “Anahatlarıyla İslam Hukuku”, III, 268.
[3] Heyet, “İlmihal”, DİA, II, 396
[4] Bax. Bəqərə, 2/177; Nisa, 4/29; Maidə, 5/1.
[5] Bax. Ali-İmran, 3/37; Yusif, 12/72.
[6] Bax. Əbu Davud, Büyu, 88; Tirmizi, Büyu, 39.
[7] Bax. Buxari, Həvalat, 3, 6.
[8] Heyet, “İlmihal”, DİA, II, 397.
Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014