Həvalə müqaviləsi

İslam hüquq terminologiyasında “həvalə” borcun bir şəxsin öhdəliyindən başqa bir şəxsin öhdəliyinə verilməsidir. İslam hüququnda həvalə müqaviləsi də eynilə digər əqd növlərinin tabe olduğu qaydalara və prinsiplərə tabedir. Belə ki, həvalə müqaviləsinin bağlanması üçün təklif və qəbul kimi ünsürlərə, eləcə də etibarlı olması üçün tərəflərin razılığı, əhliyyəti və həvalə predmeti ilə əlaqədar bəzi şərtlər tələb olunur. Həvalədə hər üç tərəfin də razılığının olması ilə bağlandığında hər hansı ixtilaf yoxdur. Hənəfilərə görə, yeni borclu ilə borc verən arasında razılaşma olarsa, birinci borclunun razılığının olması şərt deyil. Ancaq İslam hüquqşünaslarının əksəriyyətinə görə, əvvəlki borclu ilə yeni borclu arasında razılığın etibarlı olması üçün mütləq borc verənin razılığının olması şərtdir. Çünki burada borc verənin ziyana məruz qalma ehtimalı var. 

Həvalə müqaviləsinin hüquqi nəticəsi İslam hüquqşünasları arasında mübahisə mövzusu olmuşdur. Belə ki, Hənəfi müctəhidlərinə görə, həvalə müqaviləsi bağlandıqdan sonra borclunun heç bir borcu qalmamış olur. Ancaq yenə də bəzi hallarda borc verən əsas borcluya müraciət etmə hüququna malikdir. Hənəfi müctəhidlərindən İmam Züfərə görə isə, əsas borclu yenə də borclu olaraq qalır.[1]


[1] Heyet, “İlmihal”, DİA, II, 395-396.


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014 

Kəfalə müqaviləsi