“Bağışlamaq, hədiyyə vermək” mənasına gələn “hibə” kəlməsi termin kimi “bir malı əvəzsiz olaraq başqasının mülkiyyətinə keçirmək” mənasına gələn bir müqavilə növüdür.
Qurani-Kərimdə hüquqi mənada hibədən bəhs edən hər hansı bir ayə olmamaqla yanaşı, geniş mənada istifadə olunan “sədəqə” kəlməsi hibəni də əhatə edir. Hibə (bağışlama) müqaviləsi ilə bağlı hökmlər qismən Hz. Peyğəmbərin (s.ə.s) hədislərində, təfərrüatı ilə də İslam hüquqşünaslarının izahlarında və rəylərində mövcuddur. Qurani-Kərim və Sünnədə comərdlik və yardımlaşma, eləcə də hədislərdə hədiyyələşmək, ehtiyac sahiblərinə qarşılıqsız kömək etmək təşviq edilmişdir.[1]
Hibə müqaviləsinin bağlanması üçün təklif və qəbul ilə yanaşı, hibə predmeti qarşı tərəfə təhvil verilməlidir. Bundan başqa, digər əqdlərdə tələb olunan etibarlılıq şərtləri hibə müqaviləsində də tələb olunur. Belə ki, bağışlanan zaman müqavilənin predmeti olan əşyanın mövcud olması, məlum və müəyyən olması, bağışlayanın mülkiyyətində olması, tərəflərin və ya qanuni təmsilçilərinin əhliyyətli və müqavilə ilə bağlı razılıqlarının olması kimi şərtlər tələb olunur. Hibə müqaviləsinin tamamlanması üçün bağışlanan mal qarşı tərəfə verilməlidir. Ona görə də, İslam hüquqşünaslarının əksəriyyətinə görə, verilmədiyi müddətdə bağışlayan tərəf müqavilədən imtina edə bilər. Ancaq verdikdən sonra imtina etmək caiz deyil.[2]
[1] Bax. Buxari, Hibə, 11.
[2] Heyet, “İlmihal”, DİA, II, 393-394.
Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014