Bütlan və Fəsad nəzəriyyəsi

Bir müqavilə bağlanan zaman yuxarıda qeyd edilən əqdin etibarlılıq şərtləri mövcud olmaya bilər və ya sözügedən şərtlər mövcud olduğu halda hüquq münasibəti əmələ gələrkən xəta, hiylə və ikrah kimi iradə ifadəsinə xələl gətirən bir səbəb mövcud ola bilər, yaxud əqdin predmetində qərar, cəhalət, fasid şərtlər və faiz kimi müqaviləni etibarsız edən bir səbəb də ola bilər. Qeyd edilən bütün hallarda bağlanan müqavilə ya batil olur, yaxud da fasid bir müqavilə olur. 

Hənəfilərdən başqa digər məzhəblərə görə, əqdin ünsürləri və şərtləri ilə əlaqədar hər hansı bir nöqsanlıq olarsa, müqavilə tamamilə etibarsız olur və buna “bütlan” adı verilir. Onların fikrincə, müqavilədəki nöqsanlığın mahiyyəti nə olursa olsun nəticə etibarilə İslam hüququnun bir hökmünə riayət olunmadığı üçün mülkiyyətin əmələ gəlməsi və ya borcun, yaxud öhdəliyin ortaya çıxması kimi bir hüquq münasibətinin meydana gəlməsi qeyrimümkündür. 

Hənəfilər isə müqavilənin ünsürlərində və etibarlılıq şərtlərində mövcud olan nöqsanlıqdan irəli gələn etibarsızlığı iki dərəcədə dəyərləndirmişlər. Belə ki, müqavilənin ünsürlərində hər hansı nöqsanlıq olarsa, həmin əqdə batil, yəni tamamilə etibarsız, etibarlılıq şərtlərində bir əskiklik olarsa, fasid demişlər. İkinci dərəcədəki şərtlərə riayətsizliyə iradə ifadəsinə xələl gətirən səbəblər, yəni qərar, cəhalət, faiz, fasid şərtlər misal verilə bilər. Beləliklə də, hənəfilər əqddəki nöqsanlığın müqavilənin əsası ilə bağlı olub-olmamasında fərq qoymuşlar. Onlara görə, əgər nöqsanlıq müqavilənin əsası ilə bağlı olarsa, başqa sözlə, müqaviləni meydana gətirən ünsürlərdə olarsa, hüquq münasibəti heç əmələ gəlməmiş kimi qəbul olunur, ikinci dərəcədəki şərtlərlə bağlı olduğu təqdirdə isə, müqavilə tamamilə etibarsız sayılmır və bu kimi müqavilələrə batil yox, fasid adı verilərək hüquq münasibəti meydana gəlir və bəzi nəticələr ortaya çıxır. Belə olan təqdirdə, əqdlərdə olan bütlan səbəbini sonra aradan qaldırmaq və hüquq münasibətini etibarlı hala gətirmək mümkün olmadığı halda, fəsad səbəbini sonradan aradan qaldırmaq və müqaviləni etibarlı etmək mümkündür. 


Batil əqdlərin isə heç bir hüquqi nəticəsi meydana gəlmir. Tərəflərin bir-birinə olan borcları da tamamilə etibarsız olur. O cümlədən bu kimi müqavilələrdə irəli sürülən şərtlər, ödənən borc və yaxud ibra (borcu bağışlama) da etibarsızdır. [1]

Fasid əqd də əslində etibarsız olan bir hüquq münasibətidir, fasidlik səbəbi aradan qaldırılmazsa, heç bir hüquqi nəticə əmələ gətirmir və tərəflər müqaviləni pozmalıdırlar. Ancaq bu kimi müqavilələrdə satıcının icazəsi ilə meydana gələn ödəmə və bunun müqabilində malın verilməsi mülkiyyətin keçməsi ilə nəticələnir. Bundan əlavə, fasid müqavilələrdə fasidlik səbəbinin hər hansı bir yolla aradan qaldırılması mümkün olarsa, müqaviləni pozma yoluna getmədən həmin səbəb aradan qaldırılmalı və müqavilə etibarlı hala gətirilməlidir.[2]


[1] Ali Bardakoğlu, “Bütlan”, DİA, İstanbul 1992, VI, 477.
[2] H. Yunus Apaydın, “Fesad”, DİA, İstanbul 1995, VI, 420.


Qaynaq: Dəlilləriylə Ticarət Elmihalı - Anar Qurbanov, İpəkyolu Nəşriyyatı, Bakı 2014 

Əqdin etibarlı olması üçün tələb olunan şərtlər