Ariyət müqaviləsi

Bu müqavilə növü “bir şəxsə müəyyən müddət istifadə etmək üzrə bir malın əvəzsiz olaraq verilməsi”dir. Yəni, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Deməli, müqavilənin əsas xüsusiyyəti əşyanın müəyyən müddətə verilməsi, istehlak etmək üçün yox, is tifadə etmək məqsədi daşıması və əvəzsiz olmasıdır. Məhz bu xüsusiyyətləri ilə hibə (bağışlama), icarə alğı-satqı müqaviləsindən fərqlənir. Ariyət müqaviləsi tərəflərin könüllü razılığı və razılığı göstərən iradə ifadəsi, yəni təklif və qəbul ilə bağlanır.[1] 

Qurani-Kərimdə bilavasitə ariyətlə bağlı bir ayə yoxdur. Lakin “Maun” surəsindəki “Vay halına o kəslərin ki... ...insanlara “maun”u verməyi qadağan edərlər”[2] ayəsində qeyd edilən “maun” kəlməsi insanlararası yardımlaşmanın bir nümunəsi olan “zəkat” və ya “ariyət”lə, yəni “qonum-qonşuya lazım olan qab-qacaq”la təfsir olunur. Bundan əlavə, “Maidə” surəsində “...Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...”[3] ayəsinin ümumi ifadəsi ariyəti də öz əhatə dairəsinə alır. Beləliklə də, həm Qurani-Kərimdə, həm də Hz. Peyğəmbərin (s.ə.s) hədislərində və nümunəvi davranışlarında insanlar arasında yardımlaşmağı, bir-birinin ehtiyacını qarşılamağı təşviq edən çoxlu sayda ümumi prinsiplər və xüsusi hökmlər mövcuddur. Hz. Peyğəmbər (s.ə.s) ehtiyac duyduqda əshabələrinin atı, zirehi və digər əşyalarını ariyət olaraq götürüb bir müddət istifadə etdiyi hədis kitablarında qeyd olunur.[4] 


Odur ki, ariyət verən bunun müqabilində hər hansı əvəz istəməməli, kömək məqsədilə etməlidir. Hərçənd ki, istədiyi vaxt malını geri istəmə hüququna malikdir, lakin qarşı tərəfin ehtiyacını aradan qaldırması və yardımlaşma məqsədinin reallaşmasını gözləməsi məqsədəuyğundur. Ariyət alan şəxs də ehtiyacını gördükdən sonra və ya sahibinin istəməsi ilə aldığı əşyanı dərhal geri qaytarmalıdır. Bundan əlavə, əşya düzgün və mal sahibinin təlimatına müvafiq istifadə olunmalıdır. 

Ariyət olaraq götürülən əşya əmanət hökmündə olduğu üçün, qəsdən və ya kobud ehtiyatsızlıq üzündən olmadan törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşımır. Ancaq ariyət alınan əşyanın vaxtında geri qaytarılmaması, icazəsiz üçüncü şəxslərin istifadəsinə verilməsi və ya düzgün istifadə edilməməsi nəticəsində meydana gələn zərərlər ödənilməlidir. Hz. Peyğəmbərin (s.ə.s) “Əl götürdüyü şeydən onu geri verənə qədər məsuliyyət daşıyır”[5]​ hədisi bu məsələni də əhatə edir.[6]


[1] Heyet, “İlmihal”, DİA, II, 390-391.
[2] Maun, 107/1-7.
[3] Maidə, 5/2.
[4] Bax. Əbu Davud, Büyu, 88.
[5] Əbu Davud, Büyu, 88.
[6] Heyet, “İlmihal”, DİA, II, 391

Vədiə müqaviləsi