Mal Anlayışı:
Mal, ərəb dilində bir söz olub, sərvət, bir kimsənin sahib olduğu şey, daşınan və daşınmaz varlıq deməkdir. Bu söz əvvəllər qızıl və gümüş cinsindən sərvətləri ifadə edərkən, əhatə dairəsi genişlənmiş, daşınan və daşınmaz sərvətlərdən maddi dəyəri olan hər şeyi əhatə etmişdir. cəmi “əmval”dır. Bir fiqh termini olaraq mal; əldə edilərək ehtiyac zamanı üçün yığılması və normal olaraq yararlanılması mümkün və caiz olan hər şeyi ifadə edir. Buna görə malın iki xüsusiyyətə sahib olması lazımdır:
1. Əldə edilərək yığmağa əlverişli olması. Bu səbəbdən elm, sağlamlıq, şərəf və zəka kimi mənəvi şeylərlə, mütləq olaraq hava, günəş və ayın işığı ya da günəşin istiliyi kimi varlıqlar mal xarakteri daşımır. Ancaq əsasda mübah olan bu kimi dəyərlər yeni texnoloji imkanlarla depolanarsa mal sinfinə daxil ola bilər.
2. Yararlanmanın mümkün və caiz olması lazımdır. Bu səbəbdən murdar ölmüş heyvanın əti, zəhərli və ya xarab olmuş qida maddələri kimi maddi dəyəri olmayan şeylərlə, bir buğda dənəsi, bir damla su, işə yaramayacaq vəziyyətdəki cırıq bir kağız parçası kimi şeylər mal sayılmaz. Bir şeyin mal olması, hər kəsin və ya bir qisim insanların ona maraq göstərib mal olaraq qəbul etməsi ilə müəyyən olur.
Məcəllə malı belə təsvir etmişdir: “Mal, tab’-ı insânî mail olup da vakt-ihâcet için iddihar olunabilen şeydir ki menkule ve gayr-i menkule şamilolur.” (Mad. 126) Bu maddəni belə ifadə edə bilərik: “Mal, insan təbiətinin meyl etdiyi, ehtiyac üçün əldə yığıla bilən şeylər olub, daşınan və daşınmazı əhatə edər”. Hənəfilər xaricindəki əksər müctəhidlərə görə, maddi bir dəyəri olan, məhv edildiyində və ya maneə törədildiyində təzmini lazım olan hər şey maldır.
Hənəfilərə görə, yalnız maddi varlığı olan şeylər mal sayılarkən, əksər müctəhidlərə görə “yararlanma haqqı” da mal əhatəsinə daxil olur. Bu görüş ayrılığı qəsb, kirayə və miras kimi əməliyyatlardakı fərqli nəticələrin ortaya çıxmasına səbəb olur. Belə ki, Hənəfilərə görə qəsb edilən bir ərazi geri alınanda, qəsb edənin əkib-becərdiyi müddət üçün bir ödənişin təzmini lazım deyilkən, əksər müctehidlərə görə belə bir vəziyyətdə təzminat tələb edilə bilər. Ancaq Hənəfilər də qəsb edilən yer; vəqf malı və ya yetim malı və ya sırf kiraya vermək məqsədiylə əldə olan bir yer olarsa qəsb müddətinə aid əcr-i misli tələb edilə biləcəyini bildirmişlər.
Yenə Hənəfilərə görə kirayə müqaviləsində “yaşama” və ya “istifadə etmə” haqqı mal sayılmadığı üçün miras yolu ilə keçməz. Əksər müctəhidlərə görə isə yararlanma haqqı mal sayıldığı üçün tərəflərdən birinin ölümü ilə kirayə müqaviləsi sona çatmaz və müddətin sonuna qədər davam edər.
Bu vəziyyətə görə, insanların yemək, içmək, geyim, məskunlaşma, səyahət və bənzəri günlük ehtiyacları üçün yararlandıqları hər şey maldır. Bunlardan yeyilməsi, içilməsi və ya istifadə edilməsi qanuni olanlara “mütəqəvvim mal” deyilir. Buğda, arpa, qoyun, at, nəqliyyat vasitəsi kimi. Bu xüsusiyyətləri daşımayanlara isə “qeyri-mütəqəvvim mal” deyilir. Şərab, donuz əti, qan, murdar ölmüş heyvan əti kimi.
İnsanların bu malları əldə edə bilmələri üçün çalışması, qazanması və ya başqa qanuni yollarla bunları əldə etməsi lazımdır. Ancaq qazanc təmin edərkən həddən artıq getmək, başqalarının haqqına təcavüz etmək, həddən artıq mal sevgisi və qazanc istəyi ilə Allaha, Peyğəmbərinə və axirət məsuliyyətinə və ya digər insanlara qarşı vəzifələrini unutmaq insanı yaradılış məqsədindən uzaqlaşdırar. Bu səbəbdən qanunsuz qazanc, həddən artıq mal istəyi və İslam cəmiyyətinə olan vəzifələrin qazanc arxasınca qaçarkən tərk edilməsi İslamda tənqid olunmuşdur.
Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın / Baskı Tarihi: İstanbul / 2016