Riba sözü ərəb dilində olub, artım, çoxluq və faiz mənasını verir. Sözün kökündə "mütləq artım" mənası var. Bir fiqh termini olaraq, müqavilələrdə tərəflərdən birinin xeyrinə şərt qoşulan artıqlığı ifadə edir. Ribaya səbəb olan şeylərdən biri nağd, digəri isə borca verildikdə, hətta miqdarlar bərabər olsa belə, bu artıqlıq hökmən mövcud hesab olunur. Məsələn, yüz qram qızılın 120 qram qızıl ilə nağd və ya borca dəyişdirilməsi zamanı 20 qram artıqlıq riba hesab olunur. Eyni zamanda, 100 qram qızıl nağd verilib, qarşılığında olan 100 qram qızıl bir ay sonra alınmaq üçün müqavilə bağlanarsa, burada da artıqlıq hökmən mövcud qəbul edilir və buna "nəsiyə ribası" deyilir.[1]
Riba sözü yerinə bizim dildə daha çox "faiz" termini işlədilir. Faiz; daşan, dolu, borc verilən puldan əldə edilən gəlir mənalarında istifadə olunur.[2] Elmalılı Hamdi Yazır (ö.1358/1939) riba ilə faizin sinonim olduğunu belə izah edir: "Riba; lüğətdə artmaq, çoxalmaq mənasında məsdər olub, faiz dediyimiz xüsusi artıqlığın adıdır... Cahiliyyə dövründə əsas borca 'rəsü'l-məl', artıqlığa isə 'riba' deyilirdi. Dünyanın bugünkü faiz əməliyyatları, mahiyyət baxımından cahiliyyə dövrünün bu adətindən başqa bir şey deyil. Zaman keçdikcə faiz miqdarının və formalarının azalması və ya çoxalması əməliyyatın mahiyyətini dəyişdirmir. Ərəb adətində riba tam mənası ilə bugünkü nağd pulların faizi və ya artığıdır. Borc (qərz) və borcdan başqa olan digər borclara (düyün) da tətbiqi eyni qaydada olur. Şübhəsiz ki, lüğətdə bunun ən uyğun adı riba, artıqlıq olmalıdır. Buna faiz və ya nəmək demək isə "Alqı-satqı yalnız ribaya bənzər"[3] ayəsinin göstərişi ilə alqı-satqı və ticarətlə bənzədilərək yalan bir istifadədir."[4]
Bir şeyin xüsusiyyətləri dəyişmədikcə, adının dəyişməsi, onun hökmünün dəyişməsini tələb etməz. Beləliklə, riba hökmləri eyni hüquqi xüsusiyyətlərə malik olan faizə də tətbiq olunur. Bu, icarə müqaviləsinə "kirayə müqaviləsi" demək kimidir, yəni hər ikisi də eyni mənanı verən sözlərdir.
[1] İbnü’l-Hümam, Fəthül’-Qadir, V, 277; əl-Fətävä'l-Hindiyyə, III, 117; əl-Cəssäs, Ahkämu’l-Quran, Qahirə,
t.y. II, 183.
[2] M. Zeki Pakalın, Osmanlı Tarihi Deyimləri ve Terimleri Sözlüğü, 2. baskı İstanbul 1971 III, 35.
[3] əl-Bəqərə, 2/275.
[4] Elmalılı, Hak Dini Kur’an Dili, 2. baskı, İstanbul 1960, II, 952. 953
Qaynaq: Hamdi Döndüren - Delilleri ile Ticaret ve İktisat İlmihali / Erkam Yayın / Baskı Tarihi: İstanbul / 2016